ŞƏRTLƏR VƏ QAYDALAR

1. GİRİŞ MÜDDƏALARI

“Will.” Mobil Tətbiqini (bundan sonra “Tətbiq” adlandırılacaq) yükləməzdən və Tətbiqi istifadə etməzdən əvvəl aşağıdakı şərtləri diqqətlə oxuyun.

Hazırki “Will.” Tətbiqindən istifadəyə dair Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) İstifadəçi ilə “VİLL” MMC (bundan sonra “Tətbiq sahibi” adlandırılacaq) arasında Tətbiq vasitəsilə sonuncunun təqdim etdiyi Xidmətlərə dair istifadə qaydalarını tənzimləyən sazişdir. “Will.” Mobil Tətbiqindən yalnız bu Müqavilə şərtlərinə və Tətbiqdə qeyd olunan digər şərtlərə əsasən istifadə etməyə icazə verilir.

2. ƏSAS ANLAYIŞLAR
2.1. Bu Müqavilənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

Mobil tətbiq – Mobil cihaza quraşdırılan, Müqavilə və Mobil tətbiq ilə nəzərdə tutulan Xidmətlərin təqdim edilməsini təmin edən Tətbiq sahibinə məxsus “Will.” adlı proqram təminatı;

Xidmət (Xidmətlər) – İstifadəçinin müraciətinə uyğun olaraq onlayn qaydada yazışma, səsyazma və ya videozəng formasında təqdim edilən psixoloji konsultasiya və digər əlaqədar xidmətlər;

Onlayn - Birbaşa, internetlə bağlantısı olan; informasiya-kommunikasiya texnologiyalarında real vaxt rejimi;

Psixoloji konsultasiya – şəxsin psixoloji problemlərini başa düşməsi və həll etməsi üçün göstərilən yardım prosesi;

“VİLL” MMC (VÖEN: 1308521221) – bu Şərtlər və Qaydalara əsasən öz mülkiyyətində olan Tətbiq vasitəsilə psixoloji konsultasiya xidmətləri və onunla əlaqədar digər xidmətlərin göstərilməsini təklif edən hüquqi şəxs;

İstifadəçi (Siz) – Tətbiqi yüklədikdən sonra bu Şərtləri və Qaydaları qəbul edən, Tətbiqdən istifadə edən və/və ya qeydiyyatdan keçmiş fiziki şəxs;

Giriş məlumatları – Tətbiqə daxil olmaq üçün İstifadəçinin Tətbiqdən qeydiyyatdan keçərkən istifadə etdiyi (və ya sonradan dəyişdirdiyi) mobil nömrə və / və ya tətbiqdə tələb edilən digər məlumatlar;

Şəxsi Kabinet – Tətbiqdə qeydiyyatdan keçmiş hər bir İstifadəçi üçün yaradılan, bu Müqavilə və Mobil tətbiq ilə nəzərdə tutulan əməliyyatların həyata keçirilməsini təmin edən qorunan şəxsi səhifəsi;

Psixoloq – Tələb olunan peşə ixtisasına və təcrübəyə malik olan və hazırki Şərtlərə və Qaydalara, həmçinin Tətbiq sahibinin daxili qaydalarına əsasən İstifadəçilərə birbaşa xidmət göstərən Tətbiq sahibinin əməkdaşı və ya xidmət müqaviləsi bağladığı şəxs;

Müraciət (sorğu) – İstifadəçinin Xidmətlərdən yararlanmaq üçün bütün zəruri məlumatları özündə əks etdirən və bu Şərtlərə və Qaydalara uyğun şəkildə elektron üsulla tərtib olunmuş sifarişidir.

2.2. Müqavilədə təsbit edilmiş hər bir anlayış və ya təhrif, Müqavilənin hansı hissəsində yerləşməsindən asılı olmayaraq öz mənasını saxlayır.
3. MÜQAVİLƏNİN PREDMETİ
3.1. Hazırki Müqavilənin predmetini Tətbiqin funksionallığından istifadə etməklə İstifadəçiyə təqdim edilən Xidmətlərin göstərilməsi üzrə hüquq münasibətləri təşkil edir.
3.2. Bu Müqavilə ilə nəzərdə tutulan Xidmətlərin göstərilməsinin təmin edilməsi üçün İstifadəçi Tətbiqdən istifadə etməzdən əvvəl bu Müqavilənin 4-cü bəndində qeyd olunan qaydada Müqavilənin şərtlərini qəbul etməlidir.
4. ŞƏRTLƏRİN QƏBUL EDİLMƏSİ
4.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409.4-cü maddəsinə əsasən hər hansı kompüter, mobil (smart) telefon, tablet, konsol və ya digər cihazdan (bundan sonra “Mobil cihaz” adlandırılacaq) istifadə etməklə Mobil tətbiqi yüklədikdən və Tətbiq vasitəsilə qeydiyyatdan keçdiyiniz və / və ya Xidmətlərimizdən (Tətbiqdən) hər hansı formada istifadə etdiyiniz andan Siz, bu Müqaviləni oxuduğunuzu, başa düşdüyünüzü, bütün müddəaları ilə razı olduğunuzu və hazırki ofertanı (təklifi) tam və qeyd şərtsiz aksept (qəbul) etdiyinizi bəyan edirsiniz.
4.2. Hazırki Müqavilənin (ofertanın) qəbul (aksept) edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş yazılı imza ilə imzalanmasına bərabər tutulur və oferta aksept edildiyi andan qüvvəyə minir.
5. XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ
5.1. Xidmətlərdən istifadə etmək üçün tətbiqdən qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçməklə təsdiq edirsiniz ki, mənsub olduğunuz ölkədə və ya yaşayış yerinizin yurisdiksiyasında bu Müqaviləni imzalamaq üçün hüquq, o cümlədən fəaliyyət qabiliyyətiniz məhdud və hər hansı himayəçilik altında deyil və bütün zəruri səlahiyyətlərə, o cümlədən, qanunla müəyyən edilmiş hallarda müəyyən şəxslər tərəfindən Müqaviləni imzalamaq üçün verilmiş müvafiq icazəyə maliksiniz.
5.2. Xidmətlər Azərbaycan Respublikasının qanunvericiliyi əsasında təqdim olunur. İstifadəçi Tətbiqdə qeydiyyatı tətbiq daxilində təmin edilən məntiqi ardıcıllığa uyğun olaraq yerinə yetir. Qeydiyyat zamanı və şəxsi kabinet yaradılarkən İstifadəçinin daxil etdiyi məlumatların doğru, dəqiq, cari və tam olmasına, həmçinin ehtiyac olduqda vaxtında yenilənməsinə görə İstifadəçi cavabdehlik daşıyır. Bir mobil nömrə ilə yalnız bir İstifadəçinin qeydiyyatı mümkündür.
5.3. İstifadəçiyə təklif edilən Xidmətlərin siyahısı, məzmunu və müvafiq xidmət haqqı Tətbiqdə ətraflı şəkildə göstərilir.
5.4. Xidmət Tətbiq sahibi ilə əmək və ya xidmət müqaviləsi əsasında işləyən Psixoloqlar tərəfindən İstifadəçiyə tətbiq üzərindən birbaşa həyata keçirilir. Xidmət İstifadəçinin seçimindən asılı olaraq yazışma, səsyazma və ya videozəng formasında göstərilir.
5.5. Qeydiyyat forması və xidmətin göstərilmə formasından asılı olmayaraq aparılan bütün danışıqların konfidensiallığı tam qorunur. Tətbiq vasitəsilə aparılan bütün danışıqlar cari an üçün nəzərdə tutulmuşdur. Xidmətin göstərilməsi bitdiyi an bütün yazışma, səsyazma və ya video məlumatlar avtomatik olaraq silinir. İstifadəçinin istəyindən asılı olaraq yazışmalar və danışıqlar anonim şəkildə də aparıla bilər. Anonim müraciətlərin qeydiyyatı zamanı sistem tərəfindən İstifadəçiyə ad təyin edilir və ona uyğun olaraq İstifadəçi öz şifrəsini daxil edərək qeydiyyatını tamamlayır və Şəxsi Kabineti yaradılır.
5.6. Xidmətlər Azərbaycan dilində və ya Psixoloq və İstifadəçi arasında razılaşdırılan digər dillərdə də göstərilə bilər.
5.7. İstifadəçi razılaşır ki, Şəxsi Kabinet yaratdığı andan onun elektron mobil cihazına mütəmadi olaraq xəbərlər, xüsusi təkliflər və digər yeniliklər barədə məlumatlar göndərilə bilər. İstifadəçi istədiyi vaxt Tətbiqi silərək abunəliyi ləğv etmək hüququna malikdir.
6. ANONİM QEYDİYYAT
6.1. İstifadəçi Mobil tətbiqdə qeydiyyatı anonimlik əsasında həyata keçirə bilir. Anonim qeydiyyat İstifadəçiyə heç bir fərdi və/və ya şəxsi məlumatını Mobil Tətbiqə daxil etmədən xidmətlər üçün qeydiyyatdan keçmək və xidmətlərdən yararlanmaq imkanı verir.
6.2. İstifadəçi tərəfindən xidmətin anonim şəkildə göstərilməsinə dair müraciət olduqda Tətbiq sahibi İstifadəçi barədə heç bir fərdi məlumata sahib olmur, toplanmasını və mühafizəsini həyata keçirmir.
6.3. İstifadəçi tərəfindən xidmətin anonim şəkildə göstərilməsinə dair müraciət olduqda Psixoloq və İstifadəçi arasında bütün danışıqlar anonim şəkildə aparılır. Bu halda İstifadəçinin kimliyinin nə Tətbiq sahibi, nə də Psixoloq tərəfindən müəyyənləşdirilməsi mümkün deyil.
6.4. Anonim qeydiyyatı zamanı sistem tərəfindən İstifadəçiyə avtomatik yaradılmış istifadəçi adı təyin edilir və ona uyğun olaraq İstifadəçi öz şifrəsini daxil edərək qeydiyyatını tamamlayır. İstifadəçi avtomatik yaradılmış istifadəçi adını mühafize etmək və yaddan saxlmaq üçün məsuliyyət daşıyır. Avtomatik yaradılmış istifadəçi adı və İstifadəçi tərəfindən daxil edilmiş şifrəni İstifadəçi unudarsa Tətbiq sahibi müvafiq məlumatları bərpa etmək və ya yeniləmək imkanına sahib deyildir.
7. XİDMƏTİN GÖSTƏRİLMƏ MÜDDƏTİ VƏ QAYDASI
7.1. Xidmətlərin göstərilmə müddəti İstifadəçinin seçdiyi Psixoloqun şəxsi kabinetində hər bir vahid xidmət üçün qeyd edilən müddət ərzində həyata keçirilir.
7.2. Yalnız Şəxsi kabinet yaratmış və müvafiq ödənişi etmiş İstifadəçilər Xidmətlərdən yararlana bilərlər. Müraciətlərin qəbulu və qeydiyyatı hər gün 24 saat ərzində həyata keçirilir.
7.3. Müraciət qeydə alındıqdan sonra aiddiyyatı psixoloqa yönləndirilir və daha sonra Psixoloq tərəfindən təsdiqlənir.
7.4. Xidmət yekunlaşdıqdan sonra İstifadəçi tərəfindən xidmətin keyfiyyəti qiymətləndirilir.
8. XİDMƏT HAQQI
8.1. Konsultasiya xidmətlərinin məbləği Mobil Tətbiqdə hər psixoloq üçün müəyyən olunmuş müvafiq bölmədə qeyd olunur.
8.2. Tətbiqdə müvafiq Psixoloq tərəfindən xidmətin göstərilməsi üçün qeydiyyatdan keçdiyi andan İstifadəçinin həmin xidmətə görə ödəniş etmək öhdəliyi yaranır.
8.3. Xidmətlərə görə ödənişlər əvvəlcədən nağdsız qaydada Tətbiq sahibinin hesabına ödənilir.
8.4. İstifadəçi qeydiyyatdan keçdikdən sonra Tətbiqdə ödənişi etmək üçün avtomatik ödəniş səhifəsinə yönləndirilir və ödəniş həmin səhifədə onlayn qaydada icra edilir.
8.5. Xidmət haqqı məbləğlərinə istənilən vaxt Tətbiq sahibi tərəfindən dəyişiklik edilə bilər. Lakin dəyişiklik anındadək edilən müraciətlərdə müraciət anındakı qiymətlər nəzərə alınacaq.
8.6. Göstərilmiş Xidmətlərə görə ödənilmiş xidmət haqqı məbləği geri qaytarılmır.
9. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
9.1. İstifadəçinin hüquqları:
9.1.1. Xidmətlərin vaxtında və keyfiyyətli şəkildə icrasını Psixoloqdan tələb etmək;
9.1.2. Xidmətlərin vaxtında və keyfiyyətli göstərilməməsi hallarında Tətbiq sahibini bu barədə məlumatlandırmaq;
9.1.3. Tətbiq, Psixoloqların göstərdiyi Xidmətlər və qiymət haqqında ətraflı və dəqiq məlumatlar əldə etmək;
9.1.4. Tətbiqdən bu Şərtlər və Qaydalar və qanunvericiliyə uyğun istifadə etmək;
9.1.5. Şəxsi kabinetindəki məlumatları dəyişdirmək.
9.1.6. Bu Şərtlər və Qaydalarda nəzərdə tutulan digər hüquqlar.
9.2. İstifadəçinin vəzifələri:
9.2.1. Tətbiqdə göstərilən Xidmətlərdən istifadə etmək üçün qeydiyyat qaydalarına əməl edərək Tətbiqə daxil olmaq və qeydiyyatdan keçmək;
9.2.2. Bu Şərtlər və Qaydalarda göstərilən qaydada xidmət haqqını vaxtında ödəmək;
9.2.3. Başqa şəxsin hesabından qanunsuz istifadə etməklə Xidmətlərdən istifadə etməmək;
9.2.4. Digər şəxslərin razılığı olmadan ödəniş kartlarından istifadə etməklə ödəniş etməmək;
9.2.5. Xidmətlərin göstərilməsi zamanı İstifadəçiyə məlum olan Tətbiq sahibi və Psixoloqa dair məlumatları yaymamaq, toplamamaq, emal etməmək və ya hər hansı qərəzli şəkildə istifadə etməmək;
9.2.6. Bu Şərtlər və Qaydalar və qanunvericiliklə müəyyən edilən digər vəzifələr.
9.3. Tətbiq sahininin hüquqları:
9.3.1. Xidmətlərin göstərilməsi məqsədilə üçüncü şəxsləri işə cəlb etmək;
9.3.2. İstifadəçi və Xidməti göstərən Psixoloqlar tərəfindən bu Şərtlər və Qaydalara əməl olunmasını yoxlamaq;
9.3.3. İstifadəçi tərəfindən bu Şərtlər və Qaydalara əməl olunmadığı təqdirdə ona xidmət göstərilməsini müvəqqəti dayandırmaq;
9.3.4. Müqavilənin 9.1-ci maddəsində və aşağıda göstərilən hallarda İstifadəçinin tətbiqdən və Xidmətlərdən istifadəsini dayandırmaq:
  • İstifadəçi tərəfindən bu Şərtlər və Qaydalar pozulduqda;
  • Xidmətin göstərilməsi tələb olunan qanunvericiliyin tələblərinin, eləcə də, cəmiyyətdə mövcud olan mənəviyyat və əxlaq normaları İstifadəçi tərəfindən pozulduqda;
  • Xidmətin göstərilməsi Tətbiq sahibinin hüquqi və qanuni maraqlarına toxunduqda;
  • İstifadəçinin dələduzluq hərəkətlərinə yol verdiyinə dair əsaslı şübhələr olduqda. Qanunvericiliklə müəyyən edilmiş digər hüquqlar.
9.3.5. Qanunvericiliklə müəyyən edilmiş digər hüquqlar.
9.4. Tətbiq sahibinin vəzifələri:
9.4.1. Hazırki Şərtlər və Qaydalarla və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq isfitadəçilərə xidmət göstərmək;
9.4.2. İstifaçilərə hazırki Şərtlər və Qaydalarla tanış olma imkanı yaratmaq;
9.4.3. Xidmətin göstərilməsi zamanı cəlb etdiyi üçüncü şəxslərin Xidmətlərlə bağlı fəaliyyətinə ümumi nəzarət etmək;
9.4.4. Hər bir İstifadəçinin fərdi məlumatlarının, həmçinin Xidmətlərin icrası üçün İstifadəçilərin Psixoloqa təqdim etdiyi şəxsi və ailə həyatı sirrinin, kommersiya sirrinin təhlükəsizliyinin təmin edilməsini Psixoloqdan tələb etmək;
9.4.5. Bu Şərtlər və Qaydalar və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələr.
10. İSTİFADƏÇİLƏRİN FƏRDİ MƏLUMATLARI
10.1. Azərbaycan Respublikasının qanunvericiliyinə və hazırki Qaydalar və Şərtlərə müvafiq olaraq Tətbiq sahibi qeydiyyat məqsədləri üçün İstifadəçilər tərəfindən təqdim edilən fərdi məlumatlarının toplanmasını və mühafizəsini həyata keçirir. İstifadəçi yuxarıda qeyd edilən məqsədlərlə ona məxsus fərdi məlumatların Tətbiq sahibi tərəfindən toplanması və mühafizəsinin həyata keçirilməsi ilə razılaşır və qəbul edir.
10.2. İstifadəçi tərəfindən xidmətin anonim şəkildə göstərilməsinə dair müraciət olduqda Tətbiq sahibi İstifadəçi barədə heç bir fərdi məlumata sahib olmur, toplanmasını və mühafizəsini həyata keçirmir.
10.3. İstifadəçi tərəfindən şəxsən təqdim edilən qeydiyyat ilə bağlı fərdi məlumatları istisna olmaqla, xidmətin göstərilməsi ilə bağlı olan məlumatların (yazışma, səsyazma, videozəng) Tətbiq sahibi tərəfindən hər hansı toplanılması, saxlanılması və qeydiyyatı aparılmır. Bütün məlumatlar cari anda mövcud olur və xidmət yekunlaşdığı an bütün məlumatlar avtomatik silinir.
10.4. İstifadəçi tərəfindən xidmətin anonim şəkildə göstərilməsinə dair müraciət olduqda Psixoloq və İstifadəçi arasında bütün danışıqlar anonim şəkildə aparılır. Bu halda İstifadəçinin kimliyinin nə Tətbiq sahibi, nə də Psixoloq tərəfindən müəyyənləşdirilməsi mümkün deyil.
10.5. Tətbiq sahibi məlumatların qorunması üçün şifrələmə təhlükəsizlik tədbirindən istifadə edir.
11. ÜÇÜNCÜ TƏRƏF XİDMƏTLƏRİ
11.1. Tətbiq sahibi tərəfindən təklif edilən Xidmətlərin icrası onunla əmək və ya xidmət müqaviləsi əsasında işləyən Psixoloqlar tərəfindən icra edilir. Siz qəbul edir və razılaşırsınız ki, Tətbiq sahibi bu cür üçüncü tərəf Xidmətlərinə, o cümlədən onların məzmunu, dəqiqliyi, tamlığı, etibarlılığı, qanuniliyi, ləyaqəti və keyfiyyəti və ya hər hansı digər aspektinə görə məsuliyyət daşımır. Bu üçüncü tərəf xidmətləri fərqli şərt və qaydaların predmetidir.
12. ƏQLİ MÜLKİYYƏT HÜQUQU
12.1. Xidmətlərin göstərilməsi zamanı yaradılan nümunələr, əlyazmalar və əqli mülkiyyət obyektlərinə dair bütün hüquqlar, o cümlədən bütün hüquqlar ”VİLL” MMC-yə aiddir. Bu cür obyektlərin şəxsi məqsədlər üçün müddətsiz istifadə hüququ İstifadəçiyə məxsusdur.
13. MƏSULİYYƏT
13.1. Tətbiq sahibi ondan asılı olmayan səbəblərdən xidmətlərin göstərilməsində baş verən nasazlıqlar, gecikmələr, səhvlərə görə məsuliyyət daşımır.
13.2. İstifadəçi onun Hesabı vasitəsilə həyata keçirilən bütün əməliyyatlara və hərəkətlərə görə cavabdehdir.
13.3. İstifadəçi Mobil cihazın təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyi öhdəsinə götürür və onun Mobil cihazına üçüncü şəxslər tərəfindən istənilən müdaxiləyə görə fərdi məsuliyyət daşıyır.
13.4. İstifadəçi Hesabının təhlükəsizliyi ilə bağlı hər hansı sual yarandığı təqdirdə dərhal Tətbiq sahibinə bu barədə müraciət etməlidir.
14. FORS-MAJOR
14.1. Tərəflərin əvvəlcədən görə bilmədikləri və təsir etməyə qadir olmadıqları qarşısıalınmaz qüvvə - fors- major hallar (zəlzələ, daşqın, yanğın, epidemiya, pandemiya, karantin, tətil, dövlət orqanlarının qərarları, hərbi əməliyyatlar, terror aktları, üçüncü şəxslərin hərəkətləri) nəticəsində Tərəflər bu Müqavilədə qeyd olunan öhdəliklərini qismən və ya tamamilə icra edə bilmədikdə, Tərəflər belə qarşısı alınmaz qüvvənin davam etdiyi bütün müddət üzrə öhdəliklərini icra etməməyə görə məsuliyyətdən azaddırlar.
15. TƏTBİQ OLUNAN QANUNVERİCİLİK VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
15.1. Bu Müqavilə və Müqavilədən irəli gələn, həmçinin hazırki Şərtlərdə və Qaydalarda tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
15.2. Müqavilənin icra edilməsi və ləğvi zamanı Tərəflər arasında yaranan bütün mübahisələr danışıqlar yolu ilə pretenziya qaydasında həll olunur.
15.3. Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə və qarşılıqlı razılıqla həll edilə bilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının mövcud məhkəmələrində həll edilir.
16. YEKUN MÜDDƏALAR
16.1. Tətbiq sahibi istənilən zaman hazırki Şərtlərə və Qaydalara birtərəfli dəyişiklik etmək hüququnu saxlayır. Edilən dəyişiklik “Will.” mobil tətbiqində dərc olunur.
16.2. Bu Şərtlər və Qaydalara edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsidir və 16.1-ci bənddə göstərilən qaydada dərc edildiyi gündən qüvvəyə minir.
16.3. İstifadəçi Mobil tətbiqi mobil cihazdan silməklə Müqavilənin icrasından birtərəfli qaydada imtina edə bilər.
16.4. İstifadəçi tərəfindən hazırki Şərtlər və Qaydalarla müəyyən edilmiş şərtlər kobud şəkildə pozulduğu təqdirdə Tətbiq sahibi əvvəlcədən xəbərdarlıq etmədən İstifadəçinin Hesabına məhdudiyyət tətbiq etməklə Müqaviləyə birtərəfli xitam verə bilər.
16.5. Müqavilənin məqsədləri üçün “üçüncü şəxs” dedikdə Müqaviləyə tərəf olmayan psixoloqlar və ya hər hansı digər şəxslər nəzərdə tutulur.
16.6. Müqavilənin hər hansı şərtinin etibarsızlığı onun digər şərtlərinin etibarsızlığına səbəb olmur.
17. Tətbiqin mülkiyyəti və istifadəsinə razılıq
17.1. Bu xidmət Şərtləri və Qaydaları “VİLL” MMC-yə aid “Will.” mobil tətbiqinə və orada təklif olunan xidmətlərdən istifadəyə şamil olunur. Bu Tətbiq “VİLL” MMC və onun təsisçilərinin mülkiyyətidir. Tətbiqdə mövcud olan bütün mətnlər, qrafiklər, istifadəçi interfeysi, vizual interfeys, fotolar, əmtəə nişanları, loqolar, səslər, musiqilər, komputer kodları, habelə dizayn və struktur və digər elementlər, həmçinin bu Şərtlər və Qaydaların məzmunu Tətbiq sahibinə aiddir, onun tərəfindən idarə olunur, əqli mülkiyyət və rəqabət qanunvericiliyinə uyğun olaraq mühafizə olunur.